Yeni Papa seçkisində AFRİKA AMİLİ

09:42 24.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Papa Fransiskin 88 yaşında vəfat etməsi ilə katolik kilsəsi yeni lider seçməyə, iman, şəffaflıq və dünya üzrə 1,4 milyard katolik üçün yeni kurs təyin etməyə hazırlaşır.

Hafta.az-ın yazdığına görə, Vatikanın dini qaydalarına uyğun olaraq, yeni Papa Sistina kapellasında yaşı 80-dən aşağı olan şəxslərdən ibarət Kardinallar Şurası tərəfindən gizli səsvermə yolu ilə seçiləcək.

Qaydalar öz yerində, amma indi dünyanın diqqəti Papa Fransiskin potensial varisi üzərindədir. Xüsusilə Vatikanda Papanın ölümü və ya istefası halında və “sedevakantizm” (boş yer) dövründə avtomatik olaraq onun vəzifəsini üzərinə götürəcək heç bir nümayəndə və ya şəxs olmadığından, katolik kilsəsi Kardinallar Şurası tərəfindən idarə olunacaq, Müqəddəs Roma kilsəsinin kamerlenqo bu yeni manfair seçkilərində əsas rol oynayacaq.

Fərziyyələr artdıqca, bir neçə yüksəkrütbəli kardinalın adı Papa Fransiskdən sonra əsas namizədlər kimi ortaya çıxmağa başlayıb. Vatikan müşahidəçilərinin proqnozlarına görə, bu adlar arasında Filippindən olan kardinal Luis Antonio Taqle (67 yaş), italyan kardinal Pietro Parolin (70 yaş), kilsənin sosial ədalət dairələrinin aparıcı simalarından olan qanalı kardinal Peter Turkson (70 yaş), macar kardinal Peter Erdo (72 yaş) və italyan kardinal Anjelo Sko (82) var.

İndi isə gəlin bu beş əsas namizədin hər biri barədə ayrı-ayrılıqda məlumat verək:

Filippinli kardinal Antonio Tagle

ABŞ-nin həftəlik xəbər jurnalı “Newsweek”in xəbərinə görə, filippinəsilli 67 yaşlı kardinal Luis Antonio Taqle müşahidəçilərin üçdəbiri tərəfindən favorit namizəd kimi göstərilib. Papa Fransiskin mütərəqqi gündəmini davam etdirmək üçün güclü namizəd olan Taqle inklüzivlik və müjdəçiliyin tərəfdarıdır, xalqların yevangelizasiyası konqreqasiyasına rəhbərlik edən geniş təcrübəyə malikdir və Papa Fransisin yaxın çevrəsində etibarlı bir fiqurdur.

Taglenin Asiya irsi və mədəniyyəti, qitədə, xüsusən də Filippində katolikliyin sürətli böyüməsi ilə birlikdə, onu cəlbedici və güzəştli seçim edir.

Yeni Papanı seçəcək kardinal seçicilərin təxminən 80 faizinin məhz Papa Fransisk tərəfindən təyin edilməsi Taqlenin şansını artırarkən, bəzi Vatikan ekspertlərinin daha mötədil və daha az bölücü varisin proqnozlaşdırdığı bir vaxtda varisinin mütərəqqi gündəmini davam etdirməsi ehtimalını gücləndirsə də, bu seçilməsinə zəmanət vermir.

"Ümumiyyətlə, hesab edirəm, 100-dən çox seçilmiş kardinalın (Papa Fransisk tərəfindən təyin edilmiş) nəticəyə dərin təsiri ola bilər. Başqa sözlə, bu, Papa Fransiskin prioritetlərini pozmaya bilər", - Şimal-Qərb Universitetinin professoru Kristina Traina “Newsweek”ə bildirib.

İtalyalı kardinal Pietro Parolin

Seçilmək şansı dörddəbir olan 70 yaşlı kardinal Pietro Parolin bu sahədə ən təcrübəli Vatikan rəsmilərindən biridir. 2013-cü ildən Vatikanın dövlət katibi olan Parolin diplomatik münasibətlərdə, o cümlədən Çin və Yaxın Şərq ölkələrinin hökumətləri ilə həssas danışıqlarda mühüm rol oynayıb.

Mötədil namizəd kimi görünən kardinal Parolin, Papa Fransiskin bəzi islahatlarını qoruyub-saxlayaraq sabitliyi təmin edə bilən biridir. Vatikan bürokratiyası ilə dərin əlaqələri onu status-kvonun davam etdirilməsinin tərəfdarı olanlar üçün güclü namizəd edir.

Əslən Argentinadan olan mərhum Papa Fransisk son 1300 ildə ilk qeyri-Avropa Papası olub. 2013-cü ildə sələfi XVI Benediktin istefasından sonra dərin parçalanmış kilsənin rəhbərliyini öz üzərinə götürən Papa Fransiskin seçilməsindən sonra mühafizəkarlarla mütərəqqilər arasında uçurum daha da genişlənib.

Macarıstanlı kardinal Peter Erdo

Macarıstanlı kardinal Peter Erdonun Papa olma şansı altıda birdir. Aparıcı mühafizəkar namizədlərdən olan kardinal Erdo, hörmətli kanon hüquqşünası, ənənəvi katolik təliminin və doktrinasının güclü müdafiəçisi, Avropa Yepiskoplar Konfransları Şurasının keçmiş prezidenti və məşhur pravoslav ilahiyyatçıdır.

Keçmiş Papa II İohann Pavel və Papa XVI Benediktin mühafizəkar yanaşmasına qayıtmaq istəyənlərin sevimlisi olan kardinal Erdonun Papa seçilməsi Papa Fransiskin yanaşmasından ciddi şəkildə uzaqlaşmaq demək olacaq.

Müasir papalığın simasını ən çox dəyişən şəxs olan Papa Fransisk təmtəraqdan və imtiyazlardan imkan daxilində qaçıb. Katolik kilsəsini daha açıq və müxaliflərə qarşı daha az tənqid etmək cəhdləri onu kilsənin köhnə üsullarını dəstəkləyən mühafizəkarların düşməninə çevirdi.

Mühafizəkarların mərhum Papaya qarşı düşmənçiliyi 2023-cü ilin yanvarında, mühafizəkarlar hərəkatının aparıcı simalarından olan və Papa XVI Benediktin müttəfiqi olan avstraliyalı kardinal Corc Pellin 2022-ci ildə Papa Fransiskin papalığını pislədiyi, bunu “fəlakət” adlandırdığı və növbəti Papa üçün mühafizəkar adlar yazdığını bildirəndə daha da aydın oldu.

İtalyan kardinal Ancelo Skola

Digər tərəfdən, italiyalı kardinal Ancelo Skola (82 yaş) uzun müddətdir, Papanın rəqibi kimi görünürdü. Skolanın keçmişi göstərir ki, o, 2013-cü ildə Papa Fransisk seçilən səsvermədə aparıcı namizədlər arasında idi.

Milanın keçmiş arxiyepiskopu Skolanın Papa olmaq şansı səkkizdəbirdir. Dərin dini köklərə malik olan Skola, daha mərkəzləşdirilmiş və iyerarxik kilsəni dəstəkləyənlərin seçimi kimi önə çıxır. Bu ənənəçi mövqe onu Papa Fransisin islahatlarından uzaqlaşmaq istəyənlər üçün güclü namizəd etsə də, onun irəliləməsi onun əleyhinə işləyə bilər.

Qanalı kardinal Peter Turkson

Seçilmək şansı beşdəbir olan 76 yaşlı qanalı kardinal Peter Turkson Katolik Kilsəsinin sosial ədalət dairələrində tanınmış addır. Pontifik İnsan İnkişafı Bürosunun keçmiş prezidenti olan Turkson iqlim dəyişikliyi, yoxsulluq və iqtisadi ədalət kimi məsələlərdə açıq danışır.

Qanalı kardinal Turkson seçilərsə, əsrlərboyu bu vəzifəni tutan ilk Afrika Papası kimi tarixə düşəcək. Eramızın 492-ci ildən 496-cı ilə qədər xidmət etmiş sonuncu Afrika Papası Gelasius afrikalı valideynlərin övladı olaraq Romada anadan olub və geniş dini yazıları və yoxsullar üçün xeyriyyəçilik və ədalətin güclü müdafiəsi ilə tanınıb.

Bu yerdə qeyd edək ki, kardinal Peter Turkson mümkün namizədlər arasında filippinli kardinal Antonio Tagledən sonra seçilmək şansı ən yüksək olan ikinci namizəddir.

Analitiklər də deyirlər ki, növbəti Papa mütləq afrikaəsilli olmalıdır. Afrikada Xristianlıq inkişaf edir, qitədə katolikliyi qəbul edənlərin sayı dünyanın hər yerində olduğundan daha çoxdur.

Vatikan 2024-cü ilin oktyabrında verdiyi açıqlamada ötən il 7 milyon 271 min afrikalının kilsəyə qatıldığını qeyd edərək, "Əvvəlki illərdə olduğu kimi, xüsusilə Afrikada katoliklərin sayında artımlar qeydə alınıb", – deyib.

Milli Katolik Reyestri Afrikadakı katolik əhalinin 1910-cu ildə bir milyondan az olduğunu, 2023-cü ildə isə 265 milyona çatdığını bildirib.

Əslində, Papalıq vəzifəsinə Afrikadan Turksonla yanaşı, daha iki namizəd də var: Konqo Demokratik Respublikasından kardinal Fridolin Mbonqo Bisonqo (65 yaş) və yaşına görə şansı az olan Qvineyadan kardinal Robert Sarah (80 yaş).

“Şura, Konklav və Yaxşı Papa” kitabının müəllifi Qreq Tobin, "Katolik kilsəsi liderinin Afrikadan dünyanı ovsunlayacaq səbəblərlə gəlməsinin vaxtı, əlbəttə ki, uyğundur” , – deyib.

“Kilsə son bir neçə onillikdə bəzi Afrika ölkələrində hökumətin müxalifəti, eyni ölkələrin bir çoxunda xristianlara və katoliklərə qarşı açıq təqiblər və şiddətli müxalifət qarşısında möhtəşəm inkişaf yaşadı”, – Tobin deyib. – “Üstəlik, yepiskop kimi təyin edilən və kardinallığa yüksələn liderlər çox vaxt Qərbdə yüksək təhsil alırlar”, - o əlavə edib.

İlahiyyatçı Conatan Morris də yeni Papanın afrikalı olması fikrini alqışlayaraq deyib: “Afrikalı namizəd təkcə kilsənin ən sürətlə böyüyən hissəsini təmsil etdiyi üçün deyil, həm də ona görə maraqlıdır ki, afrikalı namizəd müxtəlif ideoloji kardinal qrupları bir araya gətirə bilər”.

Tobin bildirib ki, Afrika Papa namizədlərinin, əsasən, mühafizəkar yanaşması ənənəvi katoliklər arasında müsbət amil olsa da, çoxları hələ də sərt xəttli Papa istəmir.

“Afrika kilsəsi və onun liderləri ya qeyri-müəyyən, ya da həddən artıq mühafizəkar görünə bilər. Bu keyfiyyətlərin birləşməsi öz seçicilərindən daha aydın bir teologiya gözləyən kardinal seçiciləri özündən uzaqlaşdırır”, - Tobin deyib.

Tobin potensial namizədlər haqqında bu fikirdədir: “Konqo Demokratik Respublikasının Kinşasa arxiyepiskopu kardinal Fridolin Mbonqo Bisonqo, teoloji təlimlərində güclü və ardıcıl görünməsə də, aparıcı Afrika namizədi və ölkəsinin diktator rəhbərliyinin açıq-aşkar rəqibidir”.

Tobin daha sonra bildirib ki, qanalı kardinal Peter Kodvo Appiah Turkson, 2020-ci ildən başlayaraq, koronavirus pandemiyasının katolik kilsələri və qurumlarına geniş təsirini izləmək üçün çox üzvdən təşkil olunmuş işçi qrupunun rəhbəri kimi Papa Fransiskə xidmət edib. “Türkson uyğun seçimdir, Papa Fransisk tərəfindən sevilir və hörmət edilirdi, teoloji və siyasi baxımdan Qərb ruhaniləri üçün məqbuldur, lakin onun populyarlığı son illər azalıb. Onun seçilməsi 2013-cü ildə Papa Fransiskin seçilməsi kimi böyük sürpriz olardı”, – vurğulayan ekspert qvineyalı kardinal Sara haqqında qısa danışıb. Deyib ki, onun 80 yaşı var, bu isə seçimlərə uyğun deyil. Ona görə də onun seçkilərdə uğur qazanma şansı çox azdır.

Sonda qeyd edək ki, katolik kilsəsi sedevakantizm dövrünə - Papanın ölümünün elan edildiyi andan etibarən, Kardinallar Şurasının kilsə işlərini idarə etdiyi bir dövrə qədəm qoyub. Bu dövrdə Kardinallar Şurasının mühüm qərarlar qəbul etməsinə icazə verilmir və mərhum Papanın təyin etdiyi Vatikan dövlət rəsmilərinin əksəriyyətinin səlahiyyət müddəti başa çatır.

Qarşıdakı 15-20 gün ərzində yaşı 80-dən aşağı olan kardinallar Papa sarayının ən böyük kilsəsi və Papanın Vatikandakı rəsmi iqamətgahı olan sistina kapellasına toplaşacaq və konklav kimi tanınan prosesdə yeni Papanın seçilməsi üçün gizli səsvermə keçirəcəklər.

Yeni Papanın seçilməsi üçün üçdəiki səs çoxluğu tələb olunur.

Papa seçildikdən sonra Müqəddəs Pyotr Bazilikasının eyvanından “Bizim Papamız var” sözləri səslənəcək və yeni Papa ilk dəfə xalqa xeyir-dua verəcək...